Pəncərə dərdim

Pəncərə, sən mənə dilini öyrət.
Bilim dərdlərinin dərinliyini.
Bilim içdən-içə nə çəkdiyini.
Bilim, açılanda sevinirsənmi,
Bilim bağlananda sən küsürsənmi?
Yaddaş şüşələrin nə deyir sənə,
Gecə sükutunda, gündüz səsində,
Ayların, illərin lal nəfəsində.
Bəs nədən narazı qalmısan belə?
Üzünü tər basıb…
Nə olub yenə?
Evdəmi, çöldəmi nəsə görmüsən?
Yoxsa, ağlayırsan bu axşamçağı?
Hardandı üzündə, söylə göz yaşı?
Əlimin sığalı azalıb, bəlkə,
Baxışım köksündə daralıb, bəlkə?
De, kövrək qəlbini üşütdüm, bəlkə?
Hələ də dilini bilmədiyimdən
Narahat qalmışam özüm-özümdən.
Günlərlə, aylarla qoyub gedirəm,
Bəzən də bir gündə gör neçə kərə
Açıb bağlayıram, yorub gedirəm.
Yorulsan bir səs sal, ... sındır şüşəni.
İtsin qoy mən adlı yaddaşın sənin,
Ağlasın laqeyd yad daşın sənin.
Sən mənə pəncərə dilini öyrət.
Bilim çəkdiyini, çəkdirdiyimi.
Sən mənim xatirə yaddaşımsan, bil.
Əgər xatirinə dəysəm, incisən,
Məni yaddaşından birdəfəlik sil.
Rəfail Tağızadə