Zülmət gecə. Saat 11-12 arasıdır. Kəşfiyyatçı dəstəmiz düşmənin arxasına keçib və mühasirəyə düşmüşük. Artıq bir şəhidimiz var. Döyüşə-döyüşə oradan çıxmağı gözə almışıq. Amma düşmənin qüvvəsi o qədər çoxdur ki, burdan çıxacağımıza heç ümid yox kimidir. Kəşfiyyatçılar isə heç vaxt ümidi üzməzlər. Ən azı, qaranlıqdan istifadə edib əlbəyaxa döyüşəcəyik.
Bu vaxt telefonum qoltuğumu titrədir (zəng səsi eşidilməsin deyə vibrasiyaya qoymuşam). Fikir vermirəm. Atışa-atışa bir az aralana bilmişik. Dağın arxasına çatanda yenə qoltuğum qıdıqlanır. Yarəb, heç zamanımı?
Yadıma düşür ki, bu vaxtlar zəng vuran anam olur. Məcburən açıram.
– Alo, ana…
– Can. Anan qurban, nə təhərsən? O nə səsdi elə? Güllə atırlar? Vay, başıma xeyir! Ay bala…
– Ana, bizimkilərdir, erməniləri qovurlar. Mən sənə sonra zəng vuraram, yaxşımı? – çalışıram ki, səsimdən həyəcanı duymasın.
– A bala, axşam yeməyi yemisən?
“Ana, susuzdan dilim quruyub, nə yemək?” – deməkdən özümü güclə saxlayıram.
– Ana, yemişəm… mən səni bir az sonra…
Bir güllə düz qoluma saplanır və səsimi qısmaq üçün yaralı qolumu ağzıma basıram.
– Bala, o nə səsdi…
Telefon əlimdən düşür. Mən buradan aralanmalıyam. Anam isə hələ də danışır:
– A bala, isti çay iç… Gecə yatanda üstünü yaxşı ört…
Əyilib telefonu götürürəm və məcburən anamın üzünə qapayıb qalxıram. Bu zaman boğazıma isti bir şey axır. “A bala, isti çay iç…” Yadıma düşür ki, yaralı qolumu ağzıma basmışdım… Qanım ağzıma dolubmuş… Quruyan boğazım yumşalır. “Sağ ol, ana. Boğazım qurumuşdu…”
O gecə səhərəcən atışdıq. İşıqlanana yaxın artıq sərhədimizə yaxınlaşmışdıq və az keçmiş, bizimkilər köməyimizə gəldi. İki şəhidimizin nəşini, mən də daxil üç yaralımızı alıb arxaya aparırlar.
Bayğın olsam da, səsləri eşidir və anlayıram.
– Əsgərin birinin ağzınnan qan gəlmiş…
– Axı qolu yaralıydı… Bəlkə ayrı yarası da var?
“A bala, isti çay iç…” – bu yenə anamın səsidir. Məni dartıb bayğınlıqdan çıxardır. Gözlərimi açıb su istəyirəm. Amma vermirlər… Yaralıya, qan itirənə su verməzlər axı…
15.01.2021
Azad Qaradərəli
LoaDinG.Az - Həyat Hekayəni Yarat
