LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Sevgi 6-05-2017, 15:57

Qaçırılanlar və qoşulub qaçanlar

Qaçırılanlar və qoşulub qaçanlar
LoaDinG.Az xəbər saytı
Qaçırılanlar və qoşulub qaçanlar 
Qız qaçırmaq qədim dövrlərdən bu günə kimi öz aktuallığını itirməyən bir adətdir. Əvvəllər qız qaçırılmasına səbəb qız evinin oğlandan süd pulu, başlıq pulu kimi çox pul tələb etməsi, oğlan evinin isə bu pulu verə bilməməsi olurdu. Təəssüf ki, bu gün qisas məqsədi ilə də qız qaçıran, yaxud bu niyyətdə olan insanlar az deyil. Azərbaycan qanunvericiliyinə görə, qız qaçırılması adam oğurluğudur.


Azərbaycanın elə regionları var ki, orada qızların qaçırılması prosesi çox sakit qəbul edilir. Belə ki, qızın və ailənin adı təmiz olsun deyə, qaçan qızın arxasınca gedib onu gətirmirlər, mümkün qədər bu hadisəni ört-basdır etməyə çalışırlar.

Qardaş Türkiyədə yaşanan qan davası kimi adətlərin əksəriyyəti məhz qaçırılmadan yaranır ki, bunun sayəsində iki ailə bir-birinə düşmən olur və hadisənin sonu isə yaxşı qurtarmır. Azərbaycanda isə vəziyyət, demək olar ki, qardaş ölkədən az da olsa geri qalır. Çünki Azərbaycanda qaçan qız ata evinə kəfənlə qayıtmalıdır, "ər evi - gor evi" fikri daim müzakirə obyekti olur. Ailələr susmağı üstün bilir.

Statistikaya görə, 2012-ci ildə evlənmək məqsədilə yetkinlik yaşına çatmayan qızların qaçırılması halları 28 dəfə baş verib. Bu hadisələr zamanı 18 dəfə 18 yaşına çatmayan qızlar zorla qaçırılıblar. 2012-ci ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı 10 hadisə baş verib. Təbii ki, bu rəqəmlər ictimaiyyətə bəlli olan rəqəmlərdir.

Cinayət Məcələsinin 144-cü maddəsinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. Olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur. Qeyri-rəsmi statistikaya görə, qız qaçırılması hallarının 95%-i evlilik məqsədi ilə olur. Çox maraqlıdır ki, zorla qaçırılma ilə qurulan ailələrin 75%-i boşanma ilə nəticələnir. Amma qızın şəxsən öz istəyi ilə qoşulub qaçması faktı da az deyil. Eləcə də ailələr arasında düşmənçilik varsa, biri digərinin qızını qaçırıb sonra geri qaytarmaqla da qisas alır.


Hüquqşünas Abbas Quliyev bildirir ki, oğlanlar əksər hallarda cəza almamaq üçün qaçırdıqları qızı hədələyir, ölümlə qorxudurlar. Nəticədə qızlar şikayət etmir və könüllü qaçdıqlarını bildirirlər. Belə ailələrin sonu da boşanma ilə nəticələnir: "Cəmiyyət birmənalı olaraq qaçan qızları qəbul etmir. Qaçan qız elə həmin gün geri qaytarılsa belə, ona murdar əski kimi münasibət göstərilir. Belə olan halda qızların susmaqdan başqa hansı çıxış yolu ola bilər? Bir müddət keçir və intihara baş vurulur. Cəza hər nə qədər ağırlaşır-ağırlaşsın, bu cür hadisələrin qarşısını cəza ilə almaq mümkün deyil".

Həmsöhbətimiz hesab edir ki, qızlar maariflənməlidirlər, cəmiyyətdə onlara qarşı olan münasibət dəyişməlidir, başa düşməlidirlər ki, əgər qaçırıldıqdan sonra şikayət edib məcburi ailə qurmaqdan imtina etsələr, cəmiyyət onlara pis münasibət göstərməyəcək, onlar yenidən normal, rahat həyatlarını yaşaya biləcəklər. Onun fikrincə, əgər belə bir fikir formalaşsa ki, qızın heç bir günahi yoxdur, o zaman bu əməli törətməyə meylli olan insanlar da çəkinərlər: "Bilər ki, qızın şikayət etmək, onu tutdurmaq imkanı var. Bir fərdin səhv düşüncəsi və fikri cəmiyyəti yönəldə bilir. Bu stereotipi aradan qaldırmaq gərəkdir". 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
452 385 443 432 452 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.