Glamour

Glamour özünü 😐 narahat hiss edir Maraqlı 14-01-2022, 15:30

Qərarsızlıq nədir? ・Qərarsızlıq psixoloji xəstəlikdirmi? ・Qərar verməkdə çətinlik çəkən insanlar nəyi etməlidir?

Qərarsızlıq nədir? ・Qərarsızlıq psixoloji xəstəlikdirmi? ・Qərar verməkdə çətinlik çəkən insanlar nəyi etməlidir?
Bəzən hər birimiz qərar verməkdə çətinlik çəkərik. Məsələn: hansı ayaqqabını alım?, Aldığım çantanı görəsən anam bəyənərmi? Anamın dediyini edim ya öz bildiyimi?, Öz bildiyimi etsəm nələr baş verər?, İstirahətə Qubaya gedim ya Qəbələyə?, Voleybol oynayım ya futbol ? və s. Bu və ya bu kimi digər suallar həyatımızda müəyyən yer tutaraq, hərəkətə keçməyimizə mane olar.

Qərarsızlığın əsas səbəblərindən biri seçimlərin çox olmasıdır. Əvvəlki zamanla indikini müqayisə etsək görərik ki, seçim imkanı necə də artmışdır. Hər gün televizor kanallarından tutmuş, çörək çeşidinə qədər çox sayda seçimlə qarşılaşırıq. Məhz bu kimi seçimlər edərkən etdiyimiz işdən zövq ala bilmirik. Beynimizdə “hansını seçim?, görəsən sonra peşman olmaram?, Birdən digəri yaxşı olsa nə olacaq ?” kimi suallar yarandığı üçün zövqlə o anı yaşaya bilmirik. Çox seçimin olması bizi xoşbəxt edər deyə düşünürük, lakin bu hal bizi, beynimizi yorur, depressiyaya gətirir. Bundan əlavə bizdə qərarsızlıq, qərar verməkdə daha da çətinlik çəkmək kimi hallar baş verir. Bəs qərarsızlıq başqa hansı səbəblərdən yaranır?

Hər birimiz qərar verərkən ən gözəlini, mükəmməlini, idealını seçmək istəyərik. Aldığımız qərarın bizi mütləq dərəcədə xoşbəxt etməsini istəyərik. Təbii ki, bu hər zaman real olmur, daima doğru addımlar atmırıq. Qərar verdikdən sonra gözlənilməz situasiya ilə rastlaşdıqda bizdə qərar verməkdə çətinlik çəkmək daha da artır, artıq qərar vermək bir növ işgəncə halına gəlir.
Özgüvəni zəif, həyatlarının müəyyən dönəmində qərar verib gözlənilməz cavabla rastlaşmış, daima qərarları ailəsi vermiş, məsuliyyətdən qaçan, risk etməkdən qorxan, “başqaları nə deyər” deyə düşünən insanlar qərar verməkdə çətinlik çəkirlər.

Öncəliklə səhv etməkdən qorxmayın, səhv addım atmaq insanlara məxsus bir davranışdır. Yunis Əmrənin gözəl fikri tam bu yerdə yada düşür: “Xəta etməyən insan əslində heç bir şey etməyən insandır”. Düşüncələrinizi paylaşacağınız insan varsa onunla fikirlərinizi, qərarlarınızı bölüşün. Bu insanların sayı maksimum 4 nəfər olmalıdır. Ən sonda bütün fikirləri süzgəcdən keçirin, əgər ortaya çıxan nəticə sizin seçiminizə uyğundursa o zaman ona uyğun hərəkət edin. Unutmayın sizi ən gözəl elə siz özünüz tanıyırsınız, beyninizdəki düşüncələrdən ən gözəl siz agah olursunuz.


Əgər tez-tez qərarsızlıqdan şikayət edirsinizsə deməli həyatınızda doğru getməyən nələrsə var. Qərarsızlığın xronik hal almasına Abulia deyilir. Qərarsızlıq xroniki hal aldığı zaman artıq həyat stilinizə çevrilər, nəticədə ən kiçik şeylər haqqında qərar verməkdə çətinlik çəkərsiniz.

Qərarsızlıq ən çox aşağıdakı hallardan sonra yaranır:

Əməliyyat keçirtdikdən sonra
İnsultdan sonra
Yaddaş zəifliyi yaranarsa
Müəyyən beyin xəstəlikləri yaşadıqdan sonra
Ayrılıq yaşadıqdan sonra
Xəyanətə məruz qaldıqdan sonra
Şəxsin verdiyi qərarlara kimsə durmadan müdaxilə edirsə və s.
Bir anlıq gəlin keçmişə qayıdaq: Anamız biz müəyyən səhvlər etdikdə öncə bizi döyər, danlayar daha sonra səhvimizi izah edərlər. Yaxud da sizin üçün çətin sayılan bir işi mükəmməl dərəcədə yerinə yetirmisiniz lakin ailəniz buna fikir vermir, nəticədə sizdə özgüvənsizlik yaranır. Məhz bunun nəticəsində zamanla qərar verməkdə çətinlik çəkərik.

Hamımızın tez-tez rastlaşdığı qərarsızlıq səbəbləri bunlardır:

Eyni anda 2 şeyi eyni miqdrda istəyərik. Məsələn: çox az miqdarda pulumuz qalıb və bu pula ya sevdiyimiz ayaqqabını almalıyıq ya da sevdiyimiz köynəyi. Lakin hər ikisini eyni dərəcədə almaq istəyirik, qərar verə bilmirik.
Eyni anda bir şeyi həm istəyirik, həm də istəmirik. Məsələn, evlənmək, uşaq sahibi olmaq hər gəncin arzusudur. Lakin bu eyni zamanda böyük məsuliyyət tələb edir. Həm evlənmək istəyirik, həm də evlilikdən qaçırıq.
Sevmədiyimiz 2 şeydən birini seçməliyik, lakin hər ikisindən eyni miqdarda xoşumuz gəlmir.

Qərarsızlığı aradan qaldırmaq üçün bunlara fikir verməliyik:

Qərar verməkdə çətinlik çəkdiyiniz zaman seçim edərkən nələrdən qorxduğunuzu, o seçimin sizə nə gətirəcəyini və ya nə aparacağını ətraflı düşünün. Məhz bununla bu qorxunun sizin daxili aləminizdən və ya xarici faktorlardan yarandığını özünüz aşkar etmiş olacaqsınız .

Qərarsızlığı aradan qaldırmağa ilk olaraq kiçik-kiçik qərarlar verərək başlayın. Daima yaradıcı fikirlər qurun. Mükəmməliyyətçilikdən qurtulun. “Ən doğru qərarı verməliyəm ” düşüncəsi qərarsızlığı daha da artırır. Həyat yalnız mükəmməl olmaq üçün deyil, xoşbəxt yaşamaq üçün yaşanılır. Duyğularınıza önəm verin, tək məntiqlə deyil, hisslərlə də seçim edin.

Dr. Peter Collett qərar verə bilməyən insanlara bu tövsiyələri vermişdir:

Araşdırın: qərar verəcəyiniz hadisə haqqında daha çox məlumata sahib olsanız daha asan qərar verərsiniz.
Sizə vacib olanı bəlirləyin: hansı məsələlərin daha vacib olduğunu ayırd edin
Uzaqgörənlik edin: hansı qərarın nə kimi çətinlik yaradacağını və bu çətinliklərin həll yolunu düşünün.
Özünüzü boş səbəblərdən məhv etməyin: hadisə haqqında çox düşünməyin.
Paylaşın: Tərəddüd etdiyiniz fikirləri sevdiyiniz insanlarla bölüşün.
Qərar verəcəyiniz hadisə haqqında təcrübəsi olan insana sual verin: onun təcrübəsi sizi daha da rahatlaşdırar.

The Times qəzetində qərarsızlıq haqqında məqalə dərc edildi. Belə ki, “Qərar vermək niyə belə çətindir?” adlı məqalədə Bristol universitetinin professoru Harriet Bradleynin 10 aylıq araşdırmasına geniş yer verilmişdir. Bu araşdırmada aşağıdakılar xüsusilə qeyd edilirdi:

Qadınlar kişilərə nisbətən qərar verməkdə daha çox çətinlik çəkir.
Hər insan 10 il öncə qərar verməyin asan olduğunu düşünür.
İnsanların 47%i kiçik qərarlar alarkən belə çətinlik çəkirlər.
İnsanların 42%i qərar verə bilmədiyi hadisələri düşündüyü üçün gecə yata bilmir.
Unutmayın aldığınız səhv qərarlar üçün yaşadığınız peşmançılıq müəyyən zamandan sonra keçər, amma zamanında etmədikləriniz üçün yaşadığınız peşmançılıq bir ömür sizinlə addımlayar.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 22 18 23 25 8

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.