_Qorxmaz_Biri_

_Qorxmaz_Biri_ Maraqlı 20-10-2021, 15:37

Həkim olmaq məsuliyyəti

Həkim olmaq məsuliyyəti
Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyirE Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".



HEYDƏR ƏLİYEV



Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi, tərəqqi yönümü ilə ölçülür. Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genofondun qorunması müstəqil Azərbaycanda dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi çoxsahəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: "... Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz... Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir". Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, 17 iyunun tarixə düşməsi heç də təsadüfi olmamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı idi. Həmin qərar isə iyunun 17-də imzalanmışdır. Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli lider Heydər Əliyevin tariximizə olan həssas münasibətinin bariz nümunəsi idi.

Tibbin insan cəmiyyəti ilə yaşıd olan böyük bir tarixi var. Şərq ölkələrinin qədim dövrlərinə müraciət etsək görərik ki, Qərbdə hələ kimya haqqında təsəvvür belə olmadığı halda VIII əsrdə yaradılmış Bağdad Akademiyasında elmin bu sahəsində xeyli uğurlar əldə edilmişdi. Zəkəriyyə Razi, Cabir ibn Həyyan və başqa alimlər insan orqanizmində gedən dəyişiklikləri öyrənirdilər. Kimyanı mükəmməl bilən Zəkəriyyə Razi hələ o vaxtlarda mürəkkəb dərmanlar hazırlamış, toksikologiya elminin əsasını qoymuşdur. X-XI əsrlərdə isə digər ölkələrdən fərqli olaraq, Azərbaycanda xalq təbabəti yüksək inkişaf mərhələsinə çatmışdı. Azərbaycan təbabətinin X əsrdəki vəziyyətini əks etdirən ilk tarixi abidə İsa əl-Rahim Tiflisinin "Tibb" əsəri olmuşdur.

Qədim tarixi məxəzlər Azərbaycanda tibbin parlaq səhifələrindən birini Əbu Əli ibn Sinanın buradakı elmi fəaliyyəti ilə əlaqələndirirlər. Orta əsr filosofu, həkimi və ensiklopediyaçısı ibn Sina dünyanın ən qüdrətli zəka sahiblərindən olmuşdur. Araşdırmalara görə, o, elmin bütün sahələrinə aid 450-yə qədər əsər yazmış, onların da 150-yə qədəri dövrümüzə qədər gəlib çatmışdır. İbn Sinanın ən məşhur əsəri tibb üzrə çoxcildli "Qanunlar kitabı" və "Şəfa kitabı"dır.

O dövrdə məşhur filosof, astronom, kimyagər və həkim kimi tanınan Ömər Osmanoğlunun da adına tez-tez rast gəlinir. Bu alim Şamaxı şəhərinin yaxınlığındakı Mərhəm kəndində "Mədrəseyi-tibb" (tibb mədrəsəsi) təşkil edərək burada gənclərə həkimlik sənətinin sirlərini öyrətmişdir. Stasionar müalicə də ilk dəfə həmin mədrəsədə təşkil edilmişdi. Tarixçilərin qeyd etdiyi kimi, Azərbaycanda ilk klinikanın yaradılması bu fədakar alimin adı ilə bağlı olmuşdur.

Sonrakı dövrlərdə adları iftixarla çəkilən Nəsirəddin Tusi, Əbdürrəşid Bakuvi, Seyid Yəhya Bakuvi və başqaları tibb sahəsinə yeniliklər gətirən alimlərdən olmuşlar. XIII əsrdə elm tariximizdə şərəfli yer tutan alimlərimizdən biri də Əbdül Məcid Təbib olmuşdur. O, Şərqdə geniş yayılmış "Kitab üt-tibb" əsərinin müəllifidir. Bu əsərdə həm diaqnostika, həm də əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər öz əksini tapmışdır.

Tibb tariximizin qədim səhifələrini vərəqlədikcə səhiyyəmizin əsrlər boyu çox böyük inkişaf yolu keçdiyinin şahidi oluruq. Bu proses əvvəllər olduğu kimi, XVI-XVII-XVIII əsrlərdə də geniş vüsət almışdır. Məhəmməd Yusif Şirvani, İbrahim ibn Zeynalabdin Naxçıvani, Hacı Süleyman ibn Süleyman İrəvani, Ağa Səid Təbibi və başqaları təbabətə dair fundamental əsərləri ilə tibb elmimizi zənginləşdirmişlər.

Azərbaycan səhiyyəsi XIX-XX əsrlərdə də özünün ən yüksək inkişaf mərhələsini keçmişdir. Alim, həkim M.Mirqasımov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. Məşhur həkim, dövlət xadimi Əziz Əliyev respublika səhiyyəsinin təşkilində, tibb kadrlarının yetişdirilməsində misilsiz xidmətlər göstərmişdir. 1946-cı ildə Azərbaycan SSR EA yanında Eksperimental Təbabət İnstitutu yaradılmışdır. Tanınmış tibb alimləri K.Balakişiyevin, Ə.Qarayevin, M.Mustafayevin, C.Hüseynovun, Ü.Musabəyovanın, Z.Məmmədovun, C.Abdullayevin, M.Əfəndiyevin, İ.İsmayılzadənin, R.Əliyevin və başqalarının səyləri nəticəsində ayrı-ayrı tibb fənlərinə aid 45 mindən çox termin toplanıb Azərbaycan dilində nəşr olunmuşdur.

Azərbaycanda cərrahlıq elmi sahəsində uğurlu nəticələr qazanılmışdır. Tarixi qaynaqlarda göstərilir ki, bu sahənin əsası Mirzə Məmmədqulu Qayıbov tərəfindən qoyulmuşdur. Ondan sonra Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli, Nəriman Nərimanov, Mövsüm İsrafilbəyov, Sultanməcid Əfəndiyev, Qəzənfər Musabəyov, Tağı Şahbazi, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Ağaxan Talışinski, Cəmil Ləmbəranski, Mustafa Hacıqasmıov və başqa tibb xadimləri vaxtilə Azərbaycanı beynəlxalq miqyasda təmsil etməklə özlərinin elmi məktəblərini yaratmış, zəngin yaradıcılıq irsi qoyub getmişlər.

Azərbaycan səhiyyəsinin İkinci dünya müharibəsi dövrünə müraciət etsək, görərik ki, həmin illərdə bu sahə nəinki öz fəaliyyətini zəiflətmiş, hətta böyük çətinliklər, məşəqqətlərlə üz-üzə gələn həkimlərimiz əsl fədakarlıqlar göstərmişlər. Statistik məlumatlara görə, müharibənin ilk günlərində 680 həkim səfərbər edilmişdi. Onların çoxu cəbhəyə göndərilmiş və ordunun alay və birləşmələrinin tibb bölmələri tərkibində düşmənə qarşı vuruşlarda fəal iştirak etmişlər. Həmin dövrlərdə professorlar - B.Mahmudbəyov, N.Bünyadov, X.Hacıyev, A.Tahirov, Q.Səlimxanov, H.İsazadə, C.Axundov, M.Qarayev və başqaları döyüşən orduda, habelə hospitallarda baş mütəxəssis kimi işləmişlər. Bir faktı qeyd edək ki, keçmiş Sovet İttifaqı miqyasında arxada hospitalların təşkili işinin ilk təşəbbüskarı professor Mustafa bəy Topçubaşov olmuşdur. Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə zamanla həmahəng addımlamış, əhaliyə tibbi xidmətin səviyyəsini daim yaxşılaşdırmaq üçün çalışmışlar.

Ötən əsrin 70-80-ci illərində Azərbaycan səhiyyəsində yeni bir eranın başlanğıcı qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə səhiyyəmiz özünün tərəqqi yoluna üz tutdu. 1970-1975-ci illərdə respublikada təkcə uşaq poliklinikalarının və xəstəxanalarının sayı 150-dən 185-ə çatdırıldı. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirdilər. Mirməmməd Cavadzadə, Böyükkişi Ağayev, Zərifə Əliyeva, Zəhra Quliyeva, İbrahim Topçubaşov, Nəriman Əliyev, Namiq Əliyev, Adilə Namazova, Bahadur Baxşıyev, Törə Qədirova, Əhliman Əmiraslanov, Eyvaz Babayev, Ağabəy Sultanov, Oqtay Şirəliyev, Bəybala Abbasov, Qəhrəman Qəhrəmanov, Kamran Aslanov və başqalarının adları səhiyyəmizin inkişaf tarixində şərəfli yerlərdən birini tutur, onların elmi məktəbləri öz işlərini bu gün də uğurla davam etdirir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə böyük rəhbər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra səhiyyədə birinci növbədə qanunvericilik bazası təkmilləşdirildi. Respublikada ilk dəfə müasir səviyyədə təchiz edilmiş Nüvə-Maqnit Rezonans Mərkəzi, Ailə Sağlamlıq Mərkəzi, elmi-tədqiqat institutları açıldı, Tibb Universitetinin yeni korpusu istifadəyə verildi, bir çox klinikalarda yenidənqurma işləri aparıldı.

Hazırda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Bu gün səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır. Əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdısa, 2006-cı ildə bu rəqəm 179 milyon, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon, 2009-cu ildə 508,9 milyon manat təşkil etmişdir. Qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon manat vəsait ayrılmışdır. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər mütəmadi olaraq tibb işçilərinin əməkhaqları artırılır. Bundan başqa, ölkə başçısının regionların inkişafı ilə bağlı imzaladığı dövlət proqramlarında bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş diqqət verilir. Bölgələrdə yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibbi ləvazimatlarla təminatı məsələləri geniş əksini tapır. 2003-cü ildən etibarən Azərbaycanda 300-dən çox tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə, Zaqatalada, Şirvanda, Qubada, Qəbələdə, Şamaxıda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri inşa olunmuşdur. Dövlət başçısının imzaladığı sərəncamlar əsasında Almaniyadan 150 ədəd "Mercedes" markalı təcili tibbi yardım avtomobili alınaraq istifadəyə verilmişdir.

Respublika Prezidentinin təşəbbüsü ilə səhiyyənin ən vacib sahələr üzrə - "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı" hazırlanmış və icrasına başlanmışdır. İrsi qan və böyrək xəstəliklərindən əziyyət çəkənlərin də problemləri ildən-ilə həllini tapır. Habelə böyrək xəstəliklərindən əziyyət çəkən insanların 85 faizi dövlət hesabına hemodializlə və dərman preparatları ilə təmin olunur.

İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyəti isə xüsusi vurğulanmalıdır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə həyata keçirilən bu proqramlar çərçivəsində 2000-dək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapmışdır.

Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artımı səhiyyə sistemində insanların mənafeyinə xidmət edən islahatları inamla davam etdirmək imkanı yaradır. 2008-ci il fevralın 1-dən dövlət müəssisələrində pullu xidmət ləğv edilmişdir. Şübhəsiz, özəl tibb ocaqlarının olduğu bir zamanda dövlət tibb müəssisələrinin pulsuz fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Səhiyyədə əczaçılıq sahəsində də böyük işlər görülür. Dərman vasitələri haqqında qanundan irəli gələn bütün vəzifələr sistemli şəkildə həyata keçirilmiş, müvafiq sənədlər, təlimatlar hazırlanmışdır. Dərman preparatlarının idxalı, saxlanılması və satışı qaydaları hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Keyfiyyətsiz dərmanların respublikaya idxal olunmasına qarşı ciddi tədbirlər həyata keçirilir.

"Talassemiyasız həyat naminə" layihəsi Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi olmuşdur.

Heydər Əliyev Fondu səhiyyəyə qayğı siyasətini 2011-ci ildə də davam etdirir. Fevralın 9-da fondun təşəbbüsü ilə inşa olunmuş Gəncə Regional İnformasiya Mərkəzinin istifadəyə verilməsi bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir. Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki cəhətdən qüsurlu insan istifadə edə biləcəkdir.

Bu il fevralın 25-də Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksinin istifadəyə verilməsi belə layihələrin davamlı xarakter daşıdığını göstərir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin açılışında iştirak etmişdir. Təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. İnanırıq ki, respublikamızın iqtisadi gəlirlərinin sürətlə artması fonunda səhiyyəmizin üzləşdiyi bütün problemlər aradan qaldırılacaq, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətdən yüksək səviyyədə yararlanacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
27 18 8 39 28 19

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.