reklam
Bizim dinimiz - İslam Bizim dinimiz - İslam http://loading.az/uploads/posts/2017-07/1500808394_islam.jpg
Ganbarofh

Ganbarofh İslam Dini 23-07-2017, 15:16

Bizim dinimiz - İslam

Bizim dinimiz - İslam
Bizim dinimiz - İslam


Dünyada geniş yayılmış, 1,3 milyard nəfərə yaxın ardıcılı olan dinin adıdır. Ərəb dilindən tərcümədə “təslim olmaq” mənasını bildirir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona bu ad verilmişdir.

İslam – insanın fitrətinə, təbiətinə və tutumuna uyğun şəkildə Allah tərəfindən onun üçün göndərilmiş etiqadi görüşlər, əxlaqi normalar və praktiki göstərişlər məcmusudur. Qurani-kərimdə İslam dini barəsində belə buyurulur: “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır” (“Ali-İmran”, 19).

Geniş yayılmış təsəvvürün əksinə olaraq, İslam miladi VII əsrdə Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən təbliğ edilmiş tamamilə yeni təlim deyil. Bəşəriyyətin yarandığı gündən mövcud olmuş, Həzrət Adəm, Nuh, İbrahim, Musa və İsa (ə) kimi peyğəmbərlər tərəfindən təbliğ edilmiş təlimlər də əqidə baxımından Mühəmməd Peyğəmbərin (s) dini ilə eyni idi. Bütün peyğəmbərlər vahid Allaha iman gətirməyi, özündən əvvəlki və sonrakı peyğəmbərlərə ehtiram göstərməyi, axirət həyatına etiqad bəsləməyi insanlara təbliğ edirdilər. Lakin onların ölümündən sonra gətirdikləri dinlərin ilahi mahiyyəti, hətta bəzən adı da dəyişdi: Musanın (ə) dini iudaizm formasına, İsanın (ə) dini isə xristianlıq şəklinə düşdü. Bütün peyğəmbərlərin insanlara elan etdikləri və təslim olmağa çağırdıqları din eyni idi. Fərq, şəriət adlanan ibadət əməllərinin yerinə yetirilməsində idi. Yuxarıda xatırlanan ayə də bunu təsdiq edir.

İslam dini bəşəriyyət üçün xoşbəxtlik və qurtuluş manifestidir. O, istənilən cəmiyyətdə istənilən insan fərdi üçün ən yüksək həyat şəraitini təmin edə biləcək ümumbəşəri əbədi dindir. İslam dini həm böyük, həm də kiçik miqyaslı cəmiyyətlərdə, qadın və kişi, ağ və qara, qərbli və şərqli üçün eyni qüvvəlidir. Hər kəs bu dinə daxil olmaqla öz mənəvi və maddi ehtiyaclarını ödəyə bilər. İslam humanist dindir və insanlığın bütün problemlərinin həllinə çalışır. İslam dininə görə, bütün insanlar böyük bir ailənin bərabər üzvü kimidirlər və eyni hüquqlara malikdirlər.

Uzun müddət İslamı öyrənmiş və onu yeganə kamil din hesab etmiş məşhur alman şairi İ.V.Höte (1749-1832) “Qərb-Şərq divanı”nda yazırdı: “Əgər İslam – Allaha təslim olmaqdırsa, bizim hamımız İslam əqidəsində yaşayırıq və bu əqidədə öləcəyik”.

Bernard Şou (1856-1950) “Mühəmməd (s) – Allahın elçisi” əsərində yazırdı: “Mən həmişə Mühəmmədin (s) dininə, malik olduğu möcüzəvi həyat gücünə və enerjiyə görə dərin ehtiram bəsləmişəm. Mənim fikrimcə, İslam taleyin cürbəcür fitnələrini və sivilizasiya fərqlərini dəf etmək yolunda uğur qazana bilən yeganə dindir. Mən qabaqcadan görürəm ki, (bu, artıq bu gün də aydındır) avropalılar bir-birinin ardınca İslam dinini qəbul edəcəklər”.

İslam bütün digər dinlərdən öz kamilliyi ilə fərqlənir. İslam ümumbəşəri dindir və bütün bəşəriyyətə ünvanlanmışdır. Qurani-kərimdə Allah-təala Həzrət Mühəmməd Peyğəmbərə (s) müraciətlə buyurur: “Səni də aləmlərə ancaq bir rəhmət (mərhəmət) olaraq göndərdik” (“Ənbiya”, 107). Qurani-kərimin yüzlərlə ayəsi “ya eyyühən-nas” (ey insanlar) və “ya eyyühəl-ləzinə amənu” (ey iman gətirənlər) xitabı ilə başlanır.

İslam dini Yaradan barəsində öz dəqiq və ciddi təsəvvürləri ilə hinduizm, buddizm, iudaizm, xristianlıq və atəşpərəstlik kimi dinlərdən tamamilə ayrılır. Budda və Krişnanın yarıilahi-yarıbəşəri təbiəti barədə təlimlər, atəşpərəstlikdəki Xeyir və Şər dualizmi, xristianlıqdakı təslis (üçtanrıçılıq) inancı İslamın təqdim etdiyi Allah anlayışının tam ziddinədir. Hinduizmin əsasını təşkil edən tənasüx (ruhun bir bədəndən digərinə keçərək bir neçə ömür yaşaması) nəzəriyyəsi İslamda batil və əsassız sayılır.

Hinduizmdəki sinifli cəmiyyət və ciddi kasta sisteminin əksinə olaraq, İslam dinində hamı Allah qarşısında bərabər və eynihüquqlu elan edilir. İslama görə, zənci və ağdərili, ərəb və əcəm, varlı və kasıb, kəndli və şəhərli bərabər hüquqlara malikdir və qanun qarşısında eyni məsuliyyət daşıyır. Üstünlük vəzifədə, sərvətdə, əsil-nəsəbdə deyil, yalnız imanda və əməlisalehlikdədir: “Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır” (“Hücürat”, 13).

Məşhur fransız şərqşünası Qustav le Bon “İslam və ərəb mədəniyyəti” adlı kitabında İslamın sair dinlərdən üstünlüyünü ümumiləşdirilmiş şəkildə belə ifadə edir: “Başqa dinlərdə rast gəlinən dolaşıqlıq və ziddiyyətlərin heç biri İslamda görünmür. Nə qədər fikirləşsəniz də, İslamın bu əsas prinsipindən sadə bir şey tapa bilməzsiniz: Allah təkdir, bütün insanlar Allah qarşısında bərabərdirlər. Elə bu səbəbdəndir ki, xeyli xristian İslamı daha üstün sayıb onu qəbul edir”. Dünya şöhrətli filosof Bertran Rassel (1872-1970) isə bu barədə fikirlərini belə ifadə edirdi: “Mühəmmədin (s) dini sadə bir təkallahlılıq idi. O, Allah haqqında anlayışların batini mahiyyətini əyib-burmamış və axırda dolaşıq-anlaşılmaz şəklə düşməmişdir”.

Elm və sənətə münasibət məsələsində də İslam həmişə xristianlıqdan fərqlənmişdir. Orta əsrlərdə Avropada alimlər və ixtiraçılar inkvizisiya məhkəməsinə çəkildikləri halda, müsəlman ölkələrindəki kitabxana və mədrəsələrdə oxuculara və tələbələrə təqaüd ödənilir, iş vəsaiti verilirdi. Qərb alimləri etiraf edirlər ki, xristian dünyası bugünkü nailiyyətlərin çoxunu müsəlmanlardan mənimsəmişdir. Məşhur tarixçi Viktor Robinson orta əsrlərin müsəlman və xristian mədəniyyətlərini müqayisə edərək yazırdı: “Avropanın yüksək məqamlı şəxsiyyətləri sənədə qol çəkməyi belə bacarmadıqları halda, müsəlman İspaniyasında mədrəsələrdə azyaşlı uşaqlar müxtəlif elmlərin sirrinə yiyələnirdilər. Avropanın xristian kilsə rahiblərinin başı dini mətnləri oxumağa qarışdığı halda, Kordovada (İspaniya) əzəmətli İsgəndəriyyə kitabxanası ilə müqayisə edilə biləcək nəhəng kitabxana yaradılmışdı”.

İslam dininin üstünlüyünü və yeganə düzgün təlim olduğunu dananlara Quranda açıq-aşkar cavab verilir: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar” (“Ali-İmran”, 85).

İslamın “üsulüd-din” (dinin əsasları) adlanan başlıca etiqadi prinsiplərini qısaca bu şəkildə ümumiləşdirmək olar: Vahid və ədalətli Allahı bütün sifət və xüsusiyyətləri ilə qəbul edib ona iman gətirmək; ölümdən sonrakı həyatın, qiyamətin və axirətin mövcudluğunu qəbul etmək; Allahın göndərdiyi bütün peyğəmbərlərə, o cümlədən sonuncu peyğəmbər Həzrət Mühəmmədə (s) iman bəsləyib onları möhtərəm bilmək. Üsulüd-dini qəbul edən şəxs müsəlman sayılır.

Hal-hazırda bəşəriyyətin təqribən 20 faizi, yəni hər 5 insandan biri müsəlmandır. İslam dini son 100 il ərzində görünməmiş sürətlə inkişaf edərək, ardıcıllarının sayını artırmaqdadır. Əgər 1900-cü ildə dünyada cəmi 200 milyon nəfər müsəlman yaşayırdısa, 1980-ci ildə onların sayı artıq 723 milyonu ötmüşdü. 2007-ci ildə isə müsəlmanların sayı 1 milyard 300 mln nəfərdən çox olmuşdur. Onların əksər hissəsi Asiya qitəsində və Afrikanın şimalında məskunlaşmışlar.
Fransada əhalinin 9,72 faizi, Rusiyada 14,75 faizi, Almaniyada 4 faizi, Yunanıstanda 6,9 faizi, Belçika və Hollandiyada 6 faizdən çoxu, Böyük Britaniyada 3 faizə qədəri müsəlmanlardan ibarətdir.

Sahəsinə görə ən böyük müsəlman ölkəsi Sudandır. Bundan sonra Əlcəzair və Səudiyyə Ərəbistanı gəlir. Hindistan və Qazaxıstan kimi iri ölkələrdə xeyli müsəlman yaşasa da, onlar ölkə əhalisinin yarısından da azını təşkil edirlər.

Əhalisinin sayına görə birinci yerdə duran müsəlman ölkəsi isə İndoneziya sayılır. Burada 200 milyon nəfərdən artıq müsəlman yaşayır. İkinci yerdə duran Pakistanda müsəlmanların sayı 168 milyona yaxındır. Hindistan 160 milyon, Banqladeş isə 135 milyon müsəlmanın vətənidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 549 519 555 545 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.